TAHİROV İLHAM MİKAYIL OĞLU

 Filologiya elmləri doktoru

 

8 iyun 1963-cü ildə Masallı rayonunun Miyankü kəndində anadan olmuşdur. SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) ingilis dili fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib (1986). Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində işləmişdir (1986-1990). Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əyani aspirantı olub (1990-1993). “Azərbaycan dili” ixtisası üzrə namizədlik (1994), “Dil nəzəriyyəsi” ixtisası üzrə doktorluq (2008) dissertasiyası müdafiə etmişdir. “Dil nəzəriyyəsi” ixtisası üzrə dosent elmi adı alıb (2007).
Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda Ümumi dilçilik və dil əlaqələri şöbəsində kiçik elmi işçi, elmi işçi kimi çalışmışdır (1993-1996). 
1996-cı ildən indiyə qədər AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibidir.
Ümumi dilçilik, dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə, dialekt leksikası, toponimika məsələlərinə həsr olunmuş 3 monoqrafiyanın, 75 məqalə və tezisin müəllifidir. 
Əsərlərində sahə nəzəriyyəsində funksional-semantik sahənin mərkəz-periferiya struktur tipinin müəyyənləşdirilməsi üçün tətbiq edilən diferensial əlamətlərə bir binar cütlüyün əlavə edilməsini təklif etməklə nəzəri fikri zənginləşdirmiş; Azərbaycan dilçiliyində dilin bütün səviyyələrində temporallığın (zaman münasibətlərinin) ifadəsini araşdıraraq, zaman münasibətlərini funksional-semantik sahə kimi təqdim etmiş; Leksik və sintaktik temporallıq məsələlərini Azərbaycan dilinin materialı üzrə ilk dəfə olaraq tədqiq etmiş, leksik temporallıq sahəsinin struktur-semantik modelini qurmuş; Azərbaycan dilində dialekt və şivə səviyyəsində alınma sözlərin fonetik, qrammatik təbiətini və leksik-semantik xüsusiyyətlərini araşdırmış, qədim alınma sözlər layını aşkarlamışdır.
Dilçilik İnstitutu Elmi Şurasının, AMEA Rəyasət Heyətinin nəzdində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Dilçilik üzrə Problem Şurasının (2006-2009), AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının Orfoqrafiya bölməsinin, AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.
Tərcüməçilik fəaliyyəti ilə məşğul olur. Metodika, hüquq, beynəlxalq hüquq və siyasətin fəlsəfəsinə dair ingilis və rus dillərindən tərcümə etdiyi 6 kitabın müəllifidir.
1996-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin, Azərbaycan Res-publikası Gömrük Komitəsinin, Soros Fondu / Açıq Cəmiyyət İnstitutunun Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrdə tərcüməçi işləmişdir.
2005-2007-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində «Dilmanc» azərbaycanca-ingiliscə maşın tərcüməsi sistemini hazırlayan işçi qrupun üzvü olmuşdur. 
2007-2010-ci illərdə “Windows Vista” əməliyyat sisteminin və Microsoft Office 2007 proqramlarının Azərbaycan versiyasının hazırlanmasında və tərcümə edilməsində iştirak etmişdir. 
2010-cu ildən indiyədək Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İSO/İEC Beynəlxalq Standartlarının tərcüməsində iştirak edir.

 

Məzunlarımız