Dövlət rəmzlərimiz

08/05/2012 00:00
 

 

Dövlət bayrağı
Dövlət bayrağı
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan üç rəngli, üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir:
üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündəki qırmızı zolağın üzərində ağ rəngli aypara və səkkiz guşəli ulduz təsviri vardır. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Bayrağımızda olan mavi rəng türkçülüyün, qırmızı rəng müasirlik və demokratiyanın, yaşıl rəng isə islamın simvoludur. Aypara və səkkiz guşəli ulduz isə xoşbəxtlik və səadət rəmzidir. Bütün bunlar konkret olaraq "Türk soylu, islam imanlı Azərbaycan çağdaş - müasir dünya ilə ayaqlaşsa, öz səadət və xoşbəxtliyini tapar" anlamını verir.
 
Dövlət gerbi
Dövlət gerbi
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqillik rəmzi olub Milli Məclisin 1993-cü il 19 yanvar tarixli 460 nömrəli qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikasının gerbi haqqındakı Əsasnamədə Dövlət gerbimiz belə təsvir olunur: "Azərbaycan Respublikasının Dövlət gerbi palıd yarpaqlarından, sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkiz guşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxan və ulduzun sığınaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılı rəngdədir". Burada qalxan - birlik, müdafiə, müqavimət; ulduz - Vətənimizin cənnət məskəni olmasının; alov - odlar yurdunun; palıd yarpaqları – uzun ömürlüyün və möhkəmliyin; sünbül isə bərəkətin, bolluğun rəmzidir. Gerbdə də bayraqdakı ideyalar - dünya xalqlarına əmin-amanlıq, firavanlıq, xoşbəxtlik və səadət arzulayır. Simvollar "müharibə istəmirik, lakin hər cür hücumdan da müdafiə olunmağa hazırıq" - fikrini verir.
 
Dövlət himni
Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan Dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi Milli Məclisin 27 may 1992-ci il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

Dövlətimizin rəmzlərinə hörmət etmək hər birimizin ən ümdə və müqəddəs vəzifələrindən biridir.